Misli Premyer Liqasının IV turu çərçivəsində bu gün keçirilən "Qarabağ" - "Araz-Naxçıvan" oyunundan sonra mətbuat konfransında baş məşqçi Zaur İsmayılovun səsləndirdiyi fikirlər: "Maraqlı və gərgin oyun izlədik. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Təəssüf ki, qolu erkən buraxdıq. Daha sonra rəqib standart vəziyyətdən ikinci topu vurdu.
Bizim üçün sevindirici məqam odur ki, mövsümdə ilk qollarımızı vurduq. Biz də standart vəziyyətlərdən fərqləndik. Sona yaxın heç-heçə edə, 1 xal qazana bilərdik. "Qarabağ" kimi rəqibə qarşı uşaqlar yaxşı mübarizə apardılar. Bu, qarşıdakı oyunlar üçün yaxşı motivasiya olacaq".